Moskvada qızılca xəstəliyinin artdığı elan edildi

 14:32 02.05.2023     354

Rusiyanın paytaxtı Moskvada peyvənd olunmamış sakinlər arasında qızılca xəstəliyinin "sporadik" (ayrı-ayrı, tək) hallarının və vahid ocaqlarının artması müşahidə olunur, lakin vəziyyət kritik deyil.

Redaktor.az RBC-ya istinadla xəbər verir ki, bunu Moskva Səhiyyə Departamenti bildirib.

"Xəstələnənlərin demək olar ki, hamısı xəstəliyin səbəbi olan qızılcaya qarşı peyvənd olunmamış vətəndaşlardır", - nazirliyin açıqlamasında deyilir.  

Bildirilib ki, Moskvada peyvəndlə bağlı sistemli iş aparılır, xüsusən də gənc yaş qrupu arasında qeydlər aparılır. Eyni zamanda, övladlarını peyvənd etməkdən imtina edən valideynlər olduğunu da vurğulayıblar:

“Təəssüf ki, övladına peyvənd vurmaqdan imtina edən çoxlu valideynlər var. Bu analar tez-tez övladlarının sağlamlığına təhlükə yaradaraq, “anti-vaxxers” adlananların təsiri altına düşürlər”.

Xatırladaq ki, aprelin ortalarında Rusiya Dövlət Neft və Qaz Universitetinin tələbələri qızılca xəstəliyinin yayılması ilə əlaqədar aprelin 12-dən 16-na kimi planlaşdırılmamış məzuniyyətə göndərilib.

Universitet epidemiya əleyhinə kompleks tədbirlərin həyata keçirilməsi barədə məlumat verib. O zaman "Rospotrebnadzor" aydınlaşdırmışdı ki, tələbələr arasında bir hal aşkarlanıb və distant təhsil 21 gün davam edəcək.

Aprelin 18-də Moskva Aviasiya İnstitutunun (MAİ) rəhbərliyi tələbələr və işçilər arasında qızılca xəstəliyinin yayılmasının qarşısını almaq üçün distant təhsillə bağlı qərar qəbul etsə də, bir neçə saatdan sonra ləğv edilib. Universitet tələbələrdən birində qızılca şübhəsinin təsdiqlənmədiyini və məhdudiyyətlərə ehtiyac olmadığını izah edib.

Ayın sonununa yaxın Moskva Politexnik Universitetinin 11 tədris qrupunun tələbələri yoluxmuş qızılca ilə təmasda olduqları üçün distant təhsilə keçirilib. Xəstənin xəstəxanaya yerləşdirildiyi və universitetdə qızılca xəstəliyinin başqa əlamətlərinin aşkar edilmədiyi bildirilir.

Aprelin sonunda isə, baş sanitar həkim Anna Popova bildirib ki, 2023-cü ildə Rusiyada 1000-dən çox qızılcaya yoluxma halı qeydə alınıb. O, qızılcaya qarşı immunizasiyanın 97% təşkil etdiyini və əksər rusların peyvənd edildiyini və ya uşaqlıqda xəstələndiyini qeyd edib.

Arzu İSMAYIL