İran prezidenti 13 ildən sonra Suriyaya getdi

 13:10 03.05.2023     447

İran prezidenti İbrahim Rəisi Suriyaya səfər edir.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün səhər Suriyanın “SANA” agentliyi məlumat yayıb.

Yayılan məlumata görə, İbrahim Rəisini xarici işlər və müdafiə nazirləri Hüsseyin Əmir Abdullahian, Mohammad Reza Ashtiyani, habelə neft naziri Cavad Ouji də daxil olmaqla böyük bir nümayəndə heyəti müşayiət edir.

Bu, İslam Respublikası prezidentinin son 13 ildə Suriyaya ilk səfəridir.

İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi bu gün  bildirib ki, danışıqlarda əsas diqqət ticarət və iqtisadi əməkdaşlıq olacaq.

Aprelin 28-də Suriyanın “El Watan” qəzeti hökumətdəki mənbəyə istinadən yazıb ki,  Rəisi və Suriya prezidenti Bəşər Əsəd mayın 3-4-də Dəməşqdə ikitərəfli strateji əməkdaşlığı, xüsusilə də iqtisadi sahədə əməkdaşlığı gücləndirmək üçün danışıqlar aparacaq

Nəşrin məlumatına görə, səfər zamanı böyük sənədlər paketi imzalanacaq.

Qeyd edək ki, İran prezidentinin Suriyaya səfəri ərəb-İsrail münaqişəsinin növbəti gərginləşməsi fonunda baş verib.

Bu gün İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya ordusunun Hələb şəhəri yaxınlığındakı mövqelərinə raket zərbələri endirib, bunu isə, Suriya telekanalı xəbər verib. Hücumun dəf edilməsi zamanı bir Suriya əsgəri həlak olub, daha 7 əsgər yaralanıb.

Bundan başqa, hücum zamanı Neirab Beynəlxalq Hava Limanında uçuş-enmə zolağı zədələnib. Həmin gün İsrail həbsxanasında aclıq aksiyası keçirən Fələstinin radikal İslami Cihad qruplaşmasının fəalı Xadr Adnanın ölümündən sonra Qəzza zolağından İsrailə 70-dən çox raket atılıb. Buna cavab olaraq İsrail ordusu Fələstin anklavında radikal “HƏMAS” hərəkatının hərbi hədəflərini iki hücum dalğası ilə vurub.

Arzu İSMAYIL