Türkiyə hava məkanını Ermənistan təyyarələrinə niyə bağlayıb?
İrəvan üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün öz hava məkanını bağlamaq qərarı ilə bağlı Türkiyədən rəsmi bildiriş almayıb.
Redaktor.az xəbər verir ki, bu barədə bu gün TASS-ın müxbirinə Ermənistanın Mülki Aviasiya Komitəsindən məlumat verilib.
"Ermənistan tərəfi bu məsələ ilə bağlı Türkiyə tərəfdən rəsmi bildiriş almayıb", - komitədən bildiriblər.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, bu qərar İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı "Nemesis" memorialının açılması ilə əlaqədardır.
Xatırladaq ki, aprelin 29-u axşam “Flyone Armenia” Türkiyə aviasiya orqanlarının əvvəlcədən xəbərdarlıq etmədən Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün verilmiş icazəni ləğv etdiyini xəbər verib.
Bu vəziyyət Ermənistan aviadaşıyıcısının Paris-İrəvan reysini Kişinyov hava limanında endirməyə məcbur edib.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında hazırda diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolların ləğvini elan edib.
2021-ci ildə isə, Ermənistan və Türkiyə münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin ediblər.
Hazırda ölkələr münasibətləri normallaşdırmaq üçün çalışırlar.
Arzu İSMAYIL