Rusiyada Qələbə Günü paradı ləğv edildi

 17:50 03.05.2023     904

Rusiyanın Ukrayna ilə həmsərhəd bölgəsində - Bryansk vilayətində 9 May Qələbə Günündə keçirilən parad ləğv edilib.

Redaktor.az “Lent.ru”ya istinadla xəbər verir ki, bu barədə Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram kanalında bildirib.

Eyni zamanda, Boqomaz qeyd edib ki, bölgədəki veteranlar da diqqətdən kənarda qalmayacaq. Ümumrusiya "Cəbhə Briqadası" və #PoemDvorom aksiyaları çərçivəsində onların yaşayış həyətlərində təbrik edilməsi planlaşdırılır. Bundan əlavə, hərbi şöhrət abidələri və hərbi məzarlar önünə əklil və gül dəstələri qoyulması mərasimi keçiriləcək.

Bundan əvvəl Kursk vilayətinin qubernatoru Roman Starovoit mayın 9-da Kurskda keçiriləcək Qələbə paradının ləğv olunduğunu elan edərək, belə tədbirləri təhlükəsizlik səbəbi ilə izah etmişdi. Analoji qərar Belqorod vilayətində də qəbul edilib. Regionun rəhbəri Vyaçeslav Qladkov qeyd edib ki, bu, “Belqorodun mərkəzində çoxlu texnika və hərbi heyətlə düşməni təxribata salmamaq” üçün lazımdır.

Həmçinin, Oryol vilayətində Qələbə Günü paradı, atəşfəşanlıq və axşam konserti ləğv edilib. Bundan əlavə, Şimal Donanması Qələbə Günü şərəfinə Murmanskda hava paradının ləğv edildiyini açıqlayıb.

Həmidə İbrahimli