Paşinyan "Nemesis" abidəsinə görə çətin vəziyyətdə: "Mane olsaydıq, xəyanətdə ittiham olunacaqdıq"

 18:41 03.05.2023     604

Əgər Ermənistana yollar bağlanıbsa, bu, onları bağlayanlardan daha çox Ermənistanın problemidir və vətənpərvərlik, tarix və s. mövzularda sosial-psixoloji fikirlərə ehtiyac var.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara "Nemesis" abidəsi ucaldılması ilə əlaqədar Türkiyənin Ermənistan aviaşirkətləri üçün hava məkanını bağlamaq qərarını şərh edərkən bildirib.

Qeyd edilib ki, müxalifətin “Hayastan” fraksiyasından olan deputat Tadevos Avetisyan Ankaranın İrəvanda abidənin açılması ilə əlaqədar öz hava məkanını bağlayacağı təqdirdə Ermənistanın kommunikasiyaların bağlanmasına görə hansı bədəl ödəyəcəyini və iqtisadi əməkdaşlıq adı altında suverenliyin itirilməsi təhlükəsinin olub-olmadığını soruşub.

Baş nazir isə deyib ki, məsələ bir neçə təbəqədən ibarətdir. Bir tərəfdən ticarət yollarının şaxələndirilməsinin zəruriliyindən danışır, digər tərəfdən də belə problemlər yaranır.

Paşinyan bildirib ki, bu vəziyyət yeni deyil: vaxtilə İrəvanda Qaregin Njdenin abidəsinin ucaldılması ilə bağlı problemlər yaranıb. 

Hökumət başçısı qeyd edib ki, “Nemesis” əməliyyatının "qəhrəmanlarına" abidə ucaldılması ideyası 2020-ci ilin sonu – 2021-ci ilin əvvəlində müzakirə edilib. Və hakimiyyət maneələr yaratsaydı, onlar xəyanətdə ittiham olunacaqlar. Əslində, böyük sual yaranır: əsl milli və dövlət xəyanəti nədir?

"Yollar bizim üzümüzə bağlı olanda, bu, onları bağlayanların problemindən daha çox bizim problemlərimizdir. Ola bilsin, onların da problemləri var, amma bizimki qədər dərin deyil. Bütün bunları danışmalıyıq", - Paşinyan bildirib.

Hökumət başçısı hesab edir ki, Ermənistan demək olar ki, heç vaxt öz iqtisadi maraqlarını rəhbər tutmayıb, həmişə emosiyaları rəhbər tutub. "Ermənilər emosional xalqdır, dövlət xalqı olmağın vaxtı çatıb".
Baş nazirin nöqteyi-nəzərindən bu, çətin, lakin zəruri prosesdir. "Ermənistan özünü yol ayrıcında tapdı və bundan sonra da hara gedəcəyi özündən asılıdır. Onun dövlətçiliyi isə öz növbəsində istiqamətdən asılıdır", - Paşinyan deyib.

Xatırladaq ki, aprelin 29-da Ankara əvvəlcədən xəbərdarlıq etmədən "Flyone Armenia" şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara abidənin açılışı ilə izah edib ki, onun məqsədi Osmanlı İmperiyasında Gənc türklərin liderlərini məhv etmək olub. Ankara abidənin açılışını təxribat adlandırıb.

Turan İSMAYIL