"ABŞ Azərbaycanda siyasi təlatümlər yaratmağa çalışıb" - Çin

 09:43 04.05.2023     406

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) digər ölkələrə haker hücumlarına şərait yaradıb, həmçinin bütün dünyada internet texnologiyaları vasitəsilə rəngli inqilabların təşkilində iştirak edib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Çinin Milli Kompüter Viruslarına Müdaxilə Mərkəzi və kibertəhlükəsizlik şirkəti "360"ın yaydığı hesabatında deyilir.

Məlumata görə, ABŞ telefon, kabel və ya peyk bağlantısı tələb etməyən proqram təminatı işləyib hazırlayıb və istənilən formada dövlət nəzarətindən gizlənə bilir.

 “ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi uzun müddətdir ki, bütün dünyada gizli şəkildə “dinc təkamül” və “rəngli inqilablar” həyata keçirib, həmçinin casusluq və məlumat oğurluğu ilə məşğul olmağa davam edib”, - deyə agentliyin saytında bildirilir.

Sənəddə Gürcüstan, Qırğızıstan, Ukrayna, Yaxın Şərq və Tayvanda rəngli inqilabların təşkilinin arxasında Mərkəzi Kəşfiyyat İdarəsinin dayandığı qeyd edilir.

Hesabatda deyilir ki, ABŞ Azərbaycan, Belarus, İran, Livan və Myanmada da oxşar siyasi təlatümlər yaratmağa çalışıb.

Həmidə İbrahimli