Dronların partladılmasının məsuliyyəti bu ölkələrin üzərinə düşür - Zaxarova

 12:26 04.05.2023     404

Rusiyaya qarşı bütün aqressiv hərəkətlərinə görə Kiyev rejiminə nəzarət edən və onu yönəldən NATO liderləri - ABŞ və Böyük Britaniya, eləcə də onların idarəçiləri məsuliyyət daşıyırlar.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegramda bildirib.

Zaxarova onu da bildirib ki, Ukraynada qanuni hökuməti məhv edən, qərbyönlü avantüristləri və quldurları pul və silahla təmin edən Qərb ölkələri olub.

Qeyd edək ki, çərşənbə günü gecə Kreml pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Hər iki pilotsuz təyyarə Putinin ofisinin yerləşdiyi Senat Sarayının yaxınlığında təxminən 15 dəqiqəlik fərqlə partlayıb. Hadisə şahidləri və müşahidə kameraları tərəfindən lentə alınan hücum və onun nəticələrinin ən azı yeddi videosu internetdə mövcuddur. Rusiya Dövlət Dumasının deputatları pilotsuz təyyarələrin gecə hücumuna cavab olaraq Ukraynaya zərbələri gücləndirməyə çağırıblar.

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton münaqişədə öz ərazisini müdafiə etmək üçün Kiyevin yanındadır. Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin bu hücumda iştirakının olmadığını bildirib.

Həmidə İbrahimli