Rusiya Kremlə PUA hücumunda ABŞ-ı ittiham etdi: "Qərar Vaşinqtonda verilib"

 14:16 04.05.2023     312

Rusiya Federasiyasının İstintaq Komitəsi və digər qurumlar hazırda Ukrayna pilotsuz təyyarələrinin (PUA) Kremlə hücumunu araşdırır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Təbii ki, baş verənlərlə bağlı çox ciddi araşdırma aparılır. Əməliyyat araşdırması. Bilirsiniz ki, İstintaq Komitəsi, lazımi xidmətlər bütün bunları edir. Nəticəni nə vaxt gözləmək lazımdır - burada deyə bilmərəm, artıq bu, onlardan asılıdır" - o, deyib.

Peskov hesab edir ki, Ukrayna ABŞ olmadan Kremlə hücum etmək qərarına gələ bilməz. "Biz yaxşı bilirik ki, bu cür hərəkətlər, terror aktları ilə bağlı qərarlar Kiyevdə qəbul edilmir. Daha doğrusu, Vaşinqtonda. Kiyev isə artıq ona deyilənləri yerinə yetirir", - o deyib.

Kremlin sözçüsü qeyd edib ki, “çox vaxt hətta məqsədlərin özü də Kiyev tərəfindən müəyyən edilmir, lakin onlar Vaşinqtonda müəyyən edilir və sonra Kiyevə gətirilir ki, Kiyev onları yerinə yetirsin”. "Və hər dəfə Kiyevə vasitə seçmək hüququ verilmir", - Peskov qeyd edib.

O, Ukrayna və ABŞ-ın Kremlə hücumu inkar etmək cəhdlərini gülünc adlandırıb.

Xatırladaq ki, Rusiya mediası Kiyevin dronların köməyi ilə Rusiya Federasiyası prezidentinin Kreml iqamətgahına zərbə endirməyə cəhd etdiyi barədə məlumat yayıb.

Turan İSMAYIL