“Putinin Ukraynanı vurmaq üçün səbəbə ehtiyacı yoxdur” - Ağ Ev

 12:28 05.05.2023     414

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya zərbə endirmək üçün səbəbə ehtiyacı yoxdur.

Redaktor.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib.

Kremlə pilotsuz təyyarənin endirdiyi zərbəyə görə Rusiyanın “proporsional cavab” ehtimalını şərh edən Kirbi Vaşinqtonda keçirdiyi brifinqdə vurğulayıb ki, ruslar Ukraynanı bombalamağa davam edir.

"Artıq bir ildən çoxdur ki, Ukraynada baş verənlərə baxmaq və ona "proporsional" damğası vurmaq çətindir. Ukrayna heç kimi təhdid etməyib. Onlar  Rusiyanı təhdid etməyiblər. Bununla belə, Putin işğal etmək qərarına gəlib və o hələ də Ukrayna şəhərlərini və mülki infrastrukturu qanadlı raketlər və təyyarələrlə bombalamağa davam edir. Bunda mütənasib heç nə yoxdur. Ukrayna öz həyatı üçün mübarizə aparır. Onlar öz ərazilərini müdafiə etmək üçün döyüşürlər”,- Kirbi izah edib.

Ağ Ev sözçüsünə görə, Putinin mümkün pilotsuz təyyarə hücumuna reaksiyası ondan asılıdır.

"Amma onun oturub nədənsə Ukrayna xalqını məhv etməyə davam etməsini gözlədiyini görmək çətindir. İndi bəlkə də bundan istifadə edəcək. Və mən bunun yalançı bayraq əməliyyatı olub-olmadığını bilmirəm",- Kirbi qeyd edib.

O, həmçinin əlavə edib ki, cəmi bir gündə ruslar tərəfindən iyirmi ukraynalı mülki şəxs öldürülüb.

“Qəddarlıq zirvədədir. Bu döyüşdə mütənasib heç nə yoxdur”,- C.Kirbi deyib.

Arzu İSMAYIL