"ABŞ-ın anti-Rusiya hərəkətləri yeni dünya müharibəsinə səbəb olacaq"

 10:22 08.05.2023     244

“ABŞ-ın anti-Rusiya hərəkətləri yeni dünya müharibəsinin başlanğıcını gətirir və bu müharibədə ölkələr bir-birinə qarşı bloklara bölünəcək”.

Redaktor.az “Lenta.ru”a istinadla xəbər verir ki, bu barədə Malayziyanın keçmiş baş naziri Mahathir Mohamad “Global Times” qəzetinə müsahibəsində deyib.

“ABŞ digər ölkələri də Rusiya Federasiyasına qarşı yönəlmiş tədbirlərə cəlb etməyə çalışacaq. Rusiya da ona dəstək verəcək dost ölkələr tapmalıdır”,- deyə o bildirib.

Onun sözlərinə görə, bu, şərq və qərb bloklarının yaranmasına gətirib çıxaracaq və dünya müharibəsi riskini artıracaq.

Malayziyanın keçmiş baş naziri qeyd edib ki, Ukraynada Qərb dövlətlərinin atdığı bir sıra addımlar nəticəsində yaranan münaqişə artıq bütün dünyaya təsir edib, bununla əlaqədar həyati əhəmiyyətli malların qiyməti artıb və problemlər yaranıb.

Mohamad Ukraynanın NATO-ya dəvətini təxribat adlandırıb və alyans ölkələrini Kiyev və Moskva arasındakı münaqişəyə birbaşa müdaxiləyə qarşı xəbərdarlıq edib.

O, həmçinin bildirib ki, sonda iki ölkə danışıqlar masası arxasına oturmalı olacaq.

Həmidə İbrahimli