Putin Gürcüstan vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ

 14:34 10.05.2023     366

Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları Rusiyaya 90 günə qədər vizasız səfər edə biləcəklər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, fərmana əsasən, 2023-cü il mayın 15-dən Rusiya Federasiyasına əmək fəaliyyəti ilə məşğul olan və ya 90 gündən çox müddətə Rusiya Federasiyasında müvəqqəti olma, o cümlədən təhsil almaq məqsədi ilə gələn Gürcüstan vətəndaşları öz şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər əsasında Rusiya Federasiyasına viza vermədən daxil ola və Rusiya Federasiyasını tərk edə bilərlər.

Fərmanda həmçinin İsveçrənin Rusiya Federasiyasındakı səfirliyində Gürcüstanın maraqları şöbəsinin əməkdaşları kimi Rusiyaya göndərilən Gürcüstan vətəndaşları və onların ailə üzvləri ilə bağlı qaydalar açıqlanıb. Sənədə əsasən, onlara üç ay müddətinə birdəfəlik vizalar veriləcək və həmin əməkdaşlar Rusiya Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiyadan keçdikdən sonra onlar və onların ailə üzvləri bütün müddət ərzində Rusiyaya vizasız səfər edə biləcəklər.

Prezident başqa bir fərmanla 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib.

Qeyd edək ki, Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda, Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları Gürcüstana vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər.

İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Tbilisi tərəfindən kəsilib.

Turan İSMAYIL