“Kimsə Türkiyəni yenidən terror təhlükəsi altına salmaq istəsə, qarşısında bizi görəcək” - Ərdoğan
“Kim Türkiyəni yenidən terror təhlükəsi altına salmaq istəsə, qarşısında bizi görəcək”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri və “Cümhur İttifaqı”nın dövlət başçısı postuna namizədi Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
O bildirib ki, əlbəttə, ölkədə çatışmazlıqlar da var: “İstəyib, amma reallaşdıra bilmədiyimiz məsələlər mövcuddur. Amma Türkiyəyə azadlıqlarla bağlı qazandırdıqlarımız ortadadır. İndi geri addım atılmasına əsla imkan verməyəcəyik. Kim kürd uşaqlarının əlinə silah verib hərbçimizə, polisimizə, mülki insanımıza atəş açdırmağa cəhd etsə, qarşısında bizi görəcək. Kim imperialist güclər üçün millətimizin sabitliyinə qəsd etsə, qarşısında bizi görəcək. Kim haqlarınıza əl uzatmağa cəhd etsə, qarşısında Rəcəb Tayyib Ərdoğanı, “Cümhur İttifaqı”nı görəcək. Kim haqlarınıza əl uzatmağa çalışsa, qarşısında Rəcəb Tayyib Ərdoğanı, “Cümhur İttifaqı”nı görəcək. Rəbbim ömür, millətimiz səlahiyyət verdikcə bu ölkədə analar bir daha ağlamayacaq”.
Dövlət başçısı qeyd edib ki, daha uşaqları kimsə məcbur şəkildə dağlara qaçıra bilməyəcək: “Gecələr şəhərlərimizə terrorun qaranlığı çökməyəcək. Mənim kürd qardaşımız kimsə təhdid edə bilməyəcək. Türkiyə 85 milyon üçün daha azad, rifahdolu bir yer olmaq üçün çalışacaq”.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”da Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.