Corc Sorosun ölüm xəbəri təsdiqini tapmadı

 12:24 15.05.2023     539

Tanınmış iqtisadçı, amerikalı multimilyarder, investor Corc Sorosun ürək tutmasından vəfat etməsi barədə xəbər təsdiqini tapmayıb.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, Sorosun ölümü barədə məlumatın mənbəyi kimi göstərilən “Politics For All Ireland” “Twitter” hesabı absurd paylaşımlar yerləşdirən hesabdır.

Məlumata görə, Qərbin nüfuzlu media orqanlarında da Sorosun ölümü ilə bağlı heç bir xəbər yoxdur.

Bu məlumatı məşhur amerikalı bloqer Mett Uolles və “WorldBulletin” nəşri təsdiqləyib.

Macarıstan əsilli Amerikalı investor Corc Soros maliyyə bazarındakı strategiyaları ilə diqqət çəkir. O, xüsusilə “Qara Çərşənbə” kimi tanınan hadisədə sterlinqə qarşı spekulyasiya edərək qazanc əldə etməsi ilə tanınırdı. Siyasi baxışlarına görə tez-tez mübahisə obyektinə çevrilən Soros ABŞ-ın daxili siyasətində də nüfuzlu şəxsdir. Xüsusilə Şərqi Avropa ölkələrinə etdiyi yardımlarla diqqəti cəlb edib və tez-tez sui-qəsdə məruz qalıb.

Qeyd edək ki, 8,5 milyard dollar sərvəti olan 92 yaşlı Soros ən son "Tesla" səhmlərini satarkən gündəmə gəlib.

Həmidə İbrahimli