Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləyəcək? - AÇIQLAMA

 15:18 16.05.2023     529

"Sinan Oğanın seçiminin və tutumunun deyildiyi qədər də seçkinin taleyini həll edəcəyini düşünmürəm”.

Bu sözləri Türkiyədəki prezident seçkiləri haqqında Redaktor.az-a danışan analitik Turab Rzayev söyləyib.

O, dedi ki, Sinan Oğan seçkidə gözlənilməyən səslər topladı:

“Hətta onu dəstəkləyən partiyanın səsindən belə daha çox səs topladı. Ancaq Sinan Oğanın seçkinin taleyini həll etməsi ilə bağlı açıqlama verən şəxslər Türkiyədə seçkinin aritmetikasını bilməyən şəxslərdir. Parlament seçkilərində partiyalar bu şəkildə bir ittifaq qurub, deyək ki, öz tərəfdarlarını səs verməyə məcbur edə bilər. Yaxud seçilən deputatlar bir blokda birləşib eyni məsələ ilə bağlı ittifaq anlaşması edə bilərlər. Ancaq prezident seçkiləri daha çox şəxslər üzərindən aparılan bir seçkidir. Sinan Oğana deyək ki, 2 milyon yarım, 3 milyona yaxın adam səs verib. Oğan hansısa bir tərəfə səs verin desə də, bu o demək deyil ki, 3 milyon adam həmin namizədə səs verəcək. Sinan Oğanın açıqlaması kəsimin müəyyən bir hissəsində kiçik bir effekt yarada bilər, amma böyük əksəriyyəti öz bildikləri kimi səs verəcəklər. Aydın məsələdir ki, Oğana səs verən şəxslər hər iki tərəfdən narazı olduğu üçün üçüncü, dördüncü adam axtarışında olanlardır. Ona görə bu seçim şəxslərin özünə qalacaq. Yəni Sinan Oğanın göstərişi ilə insanların kiməsə səs verəcəyini düşünmürəm. Ona görə də Oğanın burada namizəd dəstəkləməsi sadəcə simvolik xarakteri daşıyacaq”.

O qeyd etdi ki, məsələni çətinləşdirən detallar var:

“Sinan Oğan bir neçə şərt ortaya qoyub və bu şərtlərin yerinə yetirilməsi faktiki olaraq mümkün görünmür. Öz şəxsi fikrimə görə isə Sinan Oğan Kılıçdaroğluna səs verməyə çağıracaq. Belə bir seçim halında Oğanın hansısa bir nailiyyət əldə edəcəyini düşünmürəm”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin qalibi olmayıb. Odur ki, prezident seçkiləri mayın 28-də ikinci turda keçiriləcək. Bu dəfəki seçkilərdə isə birinci turda ən çox səs almış iki namizəd - AKP lideri Rəcəb Tayyib Ərdoğanla CHP lideri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İlk turda 5 faizdən çox səs almış "ATA İttifaqının" namizədi Sinan Oğanın tərəfdarlarını kimə səs verməyə çağıracağı isə böyük maraq doğurur.

Humay İSGƏNDƏRLİ