Ərdoğan gənclərə müraciət etdi

 11:24 17.05.2023     212

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciət edib.

Redaktor.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı Tvitter səhifəsində paylaşım edib.

“Əziz gənclər. Mayın 14-də öz iradənizin müdafiəsinə qalxdığınıza, seçki qutularında öz seçiminizi sərbəst şəkildə əks etdirdiyinizə və demokratiyamızı dəstəklədiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm.

Dünya gənclərinə örnək olan münasibətinizlə millətimizin sizə güvənməkdə nə qədər haqlı olduğunu bir daha göstərdiniz. Sizinlə qürur duyuram. Siz bizim ümidimiz, göz bəbəyimiz, işıqlı gələcəyimizin təminatısınız.

Tarixi şanlı qələbələrlə dolu olan bu xalqı çağdaş sivilizasiyalar səviyyəsindən yüksəklərə daşıyacağınıza ümid edirəm. Rica edirəm, heç kimin sizinlə xəyallarınızın arasına girməsinə, sizi qorxutmasına, ruhdan salmasına və ya öz zəhərini sizə də keçirməsinə icazə verməyin.

Heç vaxt imkan verməyin ki, yüksək eqosu olan, uğursuzluqlar və seçki məğlubiyyətləri tarixçəsi olan şəxslər sizi öz ucsuz-bucaqsız qaranlığına sürükləsin.

Problemlərimizi birlikdə həll edəcəyik, çətinlikləri birlikdə dəf edəcəyik. Kədərimizi birlikdə paylaşacağıq, uğurlarımıza birlikdə sevinəcəyik. İnşallah yenidən sizinlə daha gözəl günlər görəcəyik. Mayın 28-də mən sizin, gənclərimizin güclü dəstəyinə güvənirəm”, - deyə Ərdoğan qeyd edib.

Humay İSGƏNDƏRLİ