"Qarabağdakı ermənilər vətəndaşlığımızı qəbul edəcəklərsə, onlarla danışıqlar aparıla bilər" - Deputat

 15:01 18.05.2023     677

Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan 86,6 min kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. 

Paşinyan Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün Xankəndi ilə Bakı arasında dialoqun başlanmasının vacibliyini də bəyan edib. O, bu məsələdə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyini vurğulayıb.

Bəs, Azərbaycan Qarabağdakı ermənilərlə dialoqu necə qurmalıdır? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Paşinyanın səsləndirdiyi fikirlər və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret rəqəm səsləndirilməsi onun mövqeyinin bir daha dəqiqləşdirilməsi kimi qəbul edilməlidir.

Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü 5 baza prinsiplərindən biri olan ərazi bütövlüyü məsələsində Ermənistanın baş nazirinin daha konkret mövqe nümayiş etdirməsi və onu qəbul etməsi kimi qiymətləndirilməlidir:

"Düşünürəm ki, bu danışıqların indiki mərhələsində irəliyə doğru növbəti addımlar üçün də yaxşı perspektiv yaradır. Çünki Ermənistanın daxili siyasətində hər nə qədər Paşinyan desə də ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu faktı manipulyasiya edərək Almatı bəyannaməsindən öncə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistanın Ali Sovetinin qəbul etdiyi qərar üzərində dayananlar vardı ki, bu da Azərbaycanın əslində ərazi bütövlüyünü qəbul etməmək mənasına gəlirdi. Bu gün isə səsləndirilən rəqəm Ermənistanın mövqeyində korrektə edilmiş və dəqiqləşdirilmiş münasibətin ifadəsi kimi hesab oluna bilər".

Deputatın fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Avropa Şurası İttifaqı prezidenti Şarl Mişellə Brüsseldəki son görüşdən sonra Mişelin açıqlamalarında bir daha aydın oldu ki, heç bir halda Qarabağda yaşayan ermənidilli əhali ilə münasibətlərdə üçüncü tərəfin müdaxiləsi ola bilməz.

"Yəni bu, Avropa Birliyinin də bu məsələdə Azərbaycanın mövqeyini qəbul etdiyinin göstəricisidir. Çünki Şarl Mişel dedi ki, bu danışıqlar şəffaf şəkildə rəsmi Bakı ilə aparılmalıdır. Əlbəttə, buradan aydın görünür ki, bu, uzun müddət Azərbaycandan kənarda, Azərbaycanla münasibətlərdən kənarda saxlanılmış mümkün potensial vətəndaşları ilə birbaşa şaquli dialoq formasında olmalıdır. Yəni onlar əgər bizim vətəndaşlığımızı qəbul edəcəklərsə, şübhəsiz ki, rəsmi idarəetmə qurumlarımızın müvafiq nümayəndələri ilə, ilkin mərhələdə inteqrasiya ilə bağlı, onların sosial problemlərinin həlli ilə bağlı və s. kimi məsələlərlə, əlbəttə, bu danışıqlar şəffaf şəkildə aparıla bilər. Mən düşünürəm ki, bu, Brüssel görüşünün səmərəli nəticələri kimi hesab edilə bilər", - deyə H.Babaoğlu vurğuladı.

Həmidə İbrahimli