Zəlzələdə sağ qalan hataylının BMT tribunasından təsirli çıxışı

 09:36 19.05.2023     653

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçirilən növbəti iclasının açılış nitqini Türkiyədəki zəlzələdə sağ qalmış Mustafa Kamal Kılınç söyləyib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, çıxışında Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdəki təəssüratlarını bölüşüb. 

Kılınç Hatayın sözügedən təbii fəlakətdə ən çox təsirlənən vilayətlərdən biri olduğunu bildirərək həmin günü belə xatırlayıb:

“O gün ailəmi ziyarət etmək üçün Adanadan Hataya gəlmişdim. Gecə idi. Qorxulu səs məni dərin yuxudan oyatdı. Ayağa qalxmaq istəyəndə gördüm ki, yer elə güclü titrəyir, yataqdan qalxmaq mümkün deyil. Elə bu vaxt pəncərələr sındı, divarlar çatlamağa başladı. Bu, mənim üçün çox dəhşətli hadisə idi".

Əvvəlcə qorxduğunu deyən Kılınç sonra ailə üzvləri ilə evdən çıxmağa bir-birlərinə kömək etdiklərini deyib: "Özümü çox aciz və müdafiəsiz hiss edirdim. Ancaq buna baxmayaraq özümdə güc tapıb binamızdan sağ-salamat çıxmağı bacardıq. Bir həftə öz maşınımızda qaldıq".

"Ürəkağrısı ilə deyim ki, ən böyük dağıntı mənim şəhərimdə - Hatayda olub. Təsəvvür edin, 14 min bina dağılıb. Bundan əlavə, 70 min binaya ciddi ziyan dəyib", - deyə Kılınç bildirib.

Kılınçın nitqi iclasdakı iştirakçıları təsirləndirib, onlar çıxışları boyu hadisədən məyusluqlarını ifadə ediblər.