Türkiyədə prezident seçkisinin ilk turunun yekun nəticələri AÇIQLANDI - YENİLƏNİB

 19:47 19.05.2023     1495

Türkiyənin Ali Seçki Şurası ölkədə keçirilən prezident seçkilərinin ilk turunun yekun nəticələrini açıqlayıb.

Redaktor.az xəbər verir ki, müvafiq sənədlər “Resmi Gazete”də dərc olunub.

Yerli, beynəlxalq və gömrük məntəqələrindən əldə olunan nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17, Məhərrəm İncə isə 0,43 faiz səs toplayıb.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

***

Türkiyədə prezident seçkisi ikinci tura qalıb, qardaş ölkə mayın 28-də yenidən seçkiyə gedəcək.

Redaktor.az "TRT Haber"ə istinadla xəbər verir ki, seçki təqvimində etirazların həlli üçün verilən müddət başa çatıb. Yekun nəticələr bu gün açıqlanacaq.

Prezident seçkisinin ikinci turunda ilk səslər xaricdə və gömrük-keçid məntəqələrində veriləcək.

Səsvermə mayın 20-də xaricdəki nümayəndəliklərdə başlayacaq və beş gün ərzində yekunlaşacaq. Xaricdə olan seçicilər mayın 28-i saat 17:00-dək gömrük-keçid məntəqələrində səs verə biləcəklər.

Namizədlər - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlu - birinci turda olduğu kimi, TRT-də iki dəfə təbliğat xarakterli çıxışlar edəcəklər.

Təbliğat mərhələsi mayın 27-si saat 18:00-da başa çatacaq.