Aİ dünya üzrə 90 şirkətə sanksiya tətbiq edəcək

 23:00 20.05.2023     339

Avropa İttifaqı (Aİ) Rusiyaya tətbiq edilən sanksiyalardan yayınmağa kömək edən şirkətləri "qara siyahı"ya salacaq.

Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ZDF kanalına müsahibəsində bildirib.

"Biz sanksiyalardan yayınmağı dayandırmağa ciddi yanaşırıq. Ona görə də biz dünya üzrə 90-dan çox şirkəti 11-ci paketə daxil etmişik, onların sanksiyaları pozduqlarına, yəni sanksiyaya məruz qalmış malları birbaşa Rusiyaya tədarük etdiklərinə dair aydın sübutlarımız var", - o deyib.

Fon der Leyenin sözlərinə görə, bu şirkətlərdən bəziləri Çində qeydiyyatdan keçib.

"Bunlar qismən kağız üzərində mövcud olan və müxtəlif vətəndaşlıqlara malik sahibləri olan şirkətlərdir. Lakin onlar Çində qeydiyyatdan keçiblər və burada biz sərt davranacağıq", - Avropa Komissiyasının rəhbəri vurğulayıb.