​​​​​​​Dünyada bu ilki Fransa etdi

 10:44 24.05.2023     227

Fransalılara 2,5 saatdan aşağı uçmaq qadağan edilib.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fransada qısa məsafəli daxili uçuşlara qadağa qoyulub.

Belə ki, bundan sonra Fransada 2,5 saatdan qısa daxili uçuşlar baş tutmayacaq. Qadağa 3 il müddətində qüvvədə olacaq.

Ölkənin nəqliyyat naziri Clement Bune bildirib ki, qərara əsasən, Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşlar qadağan edilib:

“Bu qərar istixana qazlarının emissiyalarının azaldılması siyasətində dünyada ilk fundamental addımdır".

Qeyd edək ki, neftdən alınan yanacaq maddələri yanan zaman tullantı şəklində müxtəlif qazlar, o cümlədən karbon qazı əmələ gəlir. Bu qaz troposferdə yığılır, Yer səthindən qayıdıb gələn istini tutub saxlayaraq atmosferin yuxarı qatlarına keçməyə qoymur. Beləliklə, hava güclü qızır və bu isti yenidən Yerə qayıdır. Bu hadisəyə istixana effekti deyilir, atmosferdə karbon qazının miqdarı həddən artıq çox olduqda, o bir növ bəzi bitkilərin becərildiyi istixanaların üzərinə çəkilmiş isti buraxmayan plastik qübbə kimi qoruyucu günlüyə çevrilir.

Onu da əlavə edək ki, 1990 və 2019-cu illər arasında aviasiyadan karbon tullantılarının həcmində artım müşahidə olunurdu. Koronavirus pandemiyası dövründə uçuşların azalması həm də istixana qazı tullantılarının müvəqqəti azalmasına səbəb olmuşdu. 

Xatırladaq ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş karbon əvəzləşdirmə sxeminə əsasən, Corsia kimi tanınan aviaşirkətlər gələcək emissiyalarını meşələrə, bərpa olunan enerji və ya digər karbon kəsmə layihələrinə investisiya qoymaqla ödəməli olacaqlar.

Humay İSGƏNDƏRLİ