Erməni iş adamından Paşinyana dəstək: "Qarabağ Azərbaycanın tərkib hissəsidir"

 13:35 24.05.2023     367

Hakim qüvvənin əsas vəzifəsi Ermənistanın dövlət maraqlarını qorumaqdır, bütün digər məsələlər ölkənin həyatının və siyasi gündəminin tərkib hissəsi ola bilər.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamantinin hakim fraksiyadan olan deputatı, böyük biznesmen Qurgen Arsenyan Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatını şərh edərkən deyib. İş adamı qeyd edib ki, o, hökumət başçısının mövqeyini tam dəstəkləyir.

"Siyasətçilər Ermənistan əhalisindən ölkənin dövlət maraqlarına xidmət etmək üçün mandat alıblar. Ermənistanın dövlət maraqlarının gündəmdəki bütün digər məsələlərə qurban verilməli olduğunu israr edən istənilən fiqur dövlət əleyhinə fəaliyyət göstərir" - o, Qarabağın özündə narazılıqla bağlı suala cavabında bildirib.

Qeyd edək ki, Qarabağdakı separatçı rejimin qondarma parlamenti daha əvvəl bəyanat yayaraq, Ermənistan rəhbərliyinin mövqeyinə etirazını bildirib.

Qurgen Arsenyana Qarabağda ermənilərin yaşayıb-yaşamadığı sualı verilib. Onun sözlərinə görə, Qarabağda ermənilər, həmvətənlər yaşayır, lakin Cavax, Beyrut, Qlendeyldə də ermənilər yaşayır: "Ermənistan vətəndaşlarının və siyasətçilərinin funksiyaları dövləti və onun maraqlarını qorumaqdır".

Arsenyanın fikrincə, Ermənistan cəmiyyəti indi tarixi dilemma qarşısındadır və “ürək” və “ağıl” arasında seçim edilməlidir. O, hesab edir ki, dövlət və milli maraqlar bəzən bir-birinə ziddir və indi belə bir məqamdır: "Belə vəziyyətlərdə ictimai maraqlara üstünlük verilməlidir".

Xatırladaq ki, Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, xüsusən Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr olduğunu bildirib. Ermənistan rəhbərliyinin tanıdığı əraziyə həm "Dağlıq Qarabağ", həm də Sovet Azərbaycanının anklavları daxildir.

Turan İSMAYIL