"Ermənistan öz ərazisindən dəhlizin verilməsi barədə öhdəlik götürməyib" - Paşinyan

 09:36 25.05.2023     499

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən quru yolu məsələsi ayrıca gündəmdə olan məsələ deyil.

Redaktor.az "Sputnik- Ermənistan"a istinadla xəbər verir ki, bu barədə o, parlamentdə hökumət saatı zamanı bildirib.

Onun sözlərinə görə, mövzu regional kommunikasiyaların bloklanması ilə birlikdə müzakirə olunur.

Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan kommunikasiyaların qarşılıqlı açılması barədə razılığa gəliblər.

Bu kontekstdə yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində iş aparılır.

Ermənistan yeni infrastrukturların qurulması ilə bağlı öhdəlik götürməyib, lakin bu variantı da nəzərdən keçirməyə hazırdır.

O, Ermənistanın mövqeyini bir daha vurğulayıb ki, bütün bu yollar keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməlidir.

Xatırladaq ki, Ermənistan ərazisindən Naxçıvana getmək üçün dəhlizin verilməsi məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb.

Burada həmçinin Ermənistanın şimal və cənub rayonlarının dəmir yolu ilə, Azərbaycan ərazisi ilə birləşdirilməsinin zəruriliyindən bəhs edilir.

Tərəflər bu barədə 2021-ci ilin dekabrında Brüsseldə də razılığa gəliblər.

İndi tərəflər yenidən bu məsələni həll etməyə çalışırlar.

Ermənistan hökumətinin başçısı onu da bildirib ki, sübut edə bilər ki, o, heç vaxt, heç bir formatda ekstraterritorial dəhliz vəd etməyib və belə bir fikrə əsas verməyib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni və azərbaycanlı həmkarları ilə görüşlərinin yekunlarına görə, xüsusilə demişdi ki, tərəflər kommunikasiyaların blokunun açılması məsələlərində artıq yekun razılaşmaya yaxındırlar.

Tunar Altunbay