Macarıstan Rusiyaya qarşı sanksiyalara yenə veto qoydu

 17:16 25.05.2023     457

Macarıstan Avropa İttifaqının Rusiyanın nüvə enerjisi təşkilatlarına qarşı sanksiyalar tətbiq etmək cəhdlərinin qarşısını almağa davam etməyə hazırdır, çünki bu sahədə əməkdaşlığa hər hansı qadağaya qarşıdır.

Redaktor.az TASS- istinadla xəbər verir ki, bu barədə cümə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə iqtisadiyyat və regional inkişaf məsələləri ilə məşğul olan Avropa İttifaqından olan həmkarları ilə görüşdən sonra bildirib.

Xarici işlər naziri qeyd edib ki, hazırda müzakirə olunan Rusiyaya qarşı 11-ci sanksiyalar paketi “nüvə sənayesi üçün heç bir məhdudiyyəti ehtiva etmir”.

M1 telekanalı tərəfindən yayımlanan macar jurnalistlərlə görüşdə Siyarto deyib:

"Bizim belə bir paketə dərhal veto qoyacağımız hər kəsə aydın idi".

Nazir qeyd edib ki, Macarıstan indiyədək Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalar tətbiq etmək cəhdlərinin qarşısını ala bilib və bunu davam etdirmək niyyətindədir, çünki Paks-2 atom elektrik stansiyası layihəsi üzrə Rosatom ilə əməkdaşlıq bundan asılıdır.

Siyarto daha əvvəl bildirib ki, Avropa Komissiyası Macarıstan və Rusiya tərəfindən Paksda daha iki nüvə reaktorunun tikintisi ilə bağlı sənədlərə bu yaxınlarda razılaşdırılmış dəyişiklikləri təsdiqləyib. Onun sözlərinə görə, bu, xüsusilə, investisiyaları sürətləndirməyə və bu layihə üçün maliyyə əməliyyatlarını sadələşdirməyə imkan verəcək. "Bu yaxşı xəbərdir, çünki Paksda AES-in əlavə enerji bloklarının tikintisi Macarıstanın enerji təhlükəsizliyinin uzunmüddətli təminatıdır", - XİN rəhbəri vurğulayıb.

Sovet texnologiyası əsasında tikilən və Rusiya nüvə yanacağı ilə təmin edilən Paks atom elektrik stansiyası Macarıstanda istehsal olunan bütün elektrik enerjisinin yarısını və istehlak olunan elektrik enerjisinin üçdə birini təmin edir.

Budapeştdən 100 km cənubda, Dunay çayının sahilində yerləşən stansiyada VVER-440 reaktorları olan dörd enerji bloku var. Eyni zamanda, Rosatom layihəsi üzrə ikinci mərhələnin obyektlərinin tikintisinə hazırlıq gedir. Moskva 12,5 milyard avro dəyərində qiymətləndirilən və əvvəldən 80%-i Rusiya krediti hesabına həyata keçirilməli olan bu layihəni maliyyələşdirməyə hazır olduğunu təsdiqləyib. Macarıstan iki yeni VVER-1200 nüvə reaktorunun istismara verilməsindən sonra stansiyanın gücünün hazırkı 2000 MVt-dan 4400 MVt-a qədər artacağını gözləyir.

Tunar Altunbay