Paşinyan 44 günlük müharibəni araşdıran komissiyada DİNDİRİLƏCƏK

 17:15 26.05.2023     301

Ermənistanın baş naziri Nikol Paşinyan iyunda 44 günlük müharibənin səbəb və şəraitini araşdıracaq komissiya qarşısına çıxacaq.

Redaktor.az xəbər verir ki, bunu news.am-a müsahibəsində parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

"Bilirsiniz ki, baş nazirin arzusu var və o, iyunda komissiya qarşısına çıxacaq. İstintaq komissiyası çərçivəsində bir çox suallara cavab veriləcək və bu, bütün xalqa, siyasi qüvvələrə açıq olacaq",- deyə o bildirib.

Koçaryanın sözlərinə görə, müharibədə məğlubiyyətin səbəblərini anlamaq lazımdır və bu məqsədlə komissiya yaradılıb.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşündə 44 günlük müharibənin səbəb və şəraitini araşdırmaq üçün yaxın vaxtlarda komissiya qarşısına çıxacağını bildirib.

O qeyd edib ki, cəmiyyətin bilməli olduğu və siyasi gələcəyi üçün vacib olan çoxlu məlumat var.

Xatırladaq ki, sözügedən komissiya 2022-ci ilin fevralında yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar 2020-ci il müharibəsindən əvvəlki və müharibə dövründə ölkənin müdafiə və xarici siyasətinə məsul şəxsləri dəvət ediblər. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının hazırkı rəhbəri Edvard Asryan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan, Qarabağ Müdafiə Ordusunun keçmiş komandanı Cəlal Arutyunyan, keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan əməkdaşlığa razılıq veriblər. Komissiya ilə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan, Baş Qərargahın keçmiş rəisi Movses Akopyan və sabiq rəis müavini Tiran Xaçatryan da onların arasında olub.

Mayın 3-də məlum olub ki, Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə müvəqqəti komissiyasının fəaliyyəti daha 6 ay uzadılacaq.

Tunar Altunbay