Gürcüstan müdafiə naziri paradda protokolu pozdu

 15:23 27.05.2023     398

Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze Müstəqillik Günü paradında əvvəlcə baş naziri, sonra isə prezidenti salamlayaraq protokolu pozub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü prezident Salome Zurabişvili deyib.

"Müdafiə nazirinin mayın 26-da əvvəlcə baş naziri, sonra isə prezidenti, Ali Baş Komandanı salamlaması mümkün deyil. Bu, heç bir ölkədə mümkün deyil, hər yerdə təəccüb doğurur", - Zurabişvili bildirib.

Onun sözlərinə görə, protokol mühüm tərkib hissəsidir və dövləti daxili ziddiyyətlərdən qoruyur.

Gürcü Diasporu Gününə həsr olunmuş forumda çıxış edən Zurabişvili onu da qeyd edib ki, artıq 3 ildir ki, o, ölkədə nazirliklərin və digər dövlət strukturlarının əlaqələndirilməsi üçün vahid protokol şöbəsinin yaradılmasına nail olmağa çalışır.

Qeyd edək ki, mayın 26-da Gürcüstan Müstəqillik Gününü qeyd edib.

Tbilisinin Azadlıq meydanında müxtəlif hərbi hissələrin paradı keçirilib, hərbi texnikanın nümayişi də olub.

Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili və müdafiə naziri Burçuladze tribunadan çıxış ediblər.

Tunar Altunbay