İrəvanda çoxmərtəbəli binada yanğın: Ölən və yaralananlar var

 09:54 31.05.2023     302

İrəvanda yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Hadisə barədə Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə çərşənbə axşamı saat 22.35-də məlumat verilib.

Bildirilib ki, Nor Areş rayonunda binanın 8-ci mərtəbəsindəki mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin 3 döyüş briqadası lazımi avadanlıqlarla birlikdə hadisə yerinə yollanıb.

Yanğının söndürülməsində ərazi sakinləri də iştirak edib.

Xilasedicilər 4 vətəndaşı təxliyə ediblər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xəsarət alanlara müvafiq tibbi yardım göstərilib.

Bir nəfərin yanmış meyiti mənzildə aşkar edilib. 

Tunar Altunbay