Türkiyədə "Millət İttifaqı" dağıldı

 15:07 01.06.2023     646

Türkiyədə müxalifətin seçki bloku dağılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İYİ Partiyanın baş katibi Uğur Poyraz "Sözcü TV"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Millət İttifaqı” seçki birliyi idi və mayın 28-dən blokun səlahiyyəti başa çatıb.

Qeyd edək ki, mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçirilib. Mayın 28-də keçirilən Prezident seçkisinin ikinci turunda “Cümhur İttifaqı”nın namizədi, Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparıb. R.T.Ərdoğan 52,18, K.Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunub.