"Ukraynanın Rusiyaya əks-hücuma başlaması kütləvi qırğın təşkil etməkdir" - Viktor Orban

 12:43 02.06.2023     336

Macarıstanın Baş naziri Viktor Orban növbəti dəfə Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı danışıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, o, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlamazdan əvvəl Kiyev və Moskva arasında danışıqların aparılmasında israrlıdır.

Baş nazirin sözlərinə görə, Ukrayna hərbçiləri əks-hücum hazırlayır, bu, "ukraynalıların işidir", lakin o, "il yarım hərbi təcrübəsi olan şəxs" kimi bilir ki, hücuma keçən tərəf bundan əziyyət çəkir, üç dəfə çox itki verir.

"Əhalisi qarşı tərəfin əhalisinin kiçik bir hissəsini təşkil edən bir ölkədə belə bir şəraitdə böyük hərbi hücuma başlamaq kütləvi qırğın təşkil etməkdir. Biz mümkün olan hər şeyi etməliyik, hətta əks-hücuma başlamazdan əvvəl, tərəfləri inandırmaq üçün əlimizdən gələni etməliyik. Tərəflər atəşkəs və sülh danışıqlarına ehtiyac olduğunu bildirir”, - deyə Orban Telex-ə müsahibəsində bildirib.

Macarıstanın hökumət rəhbəri bildirib ki, Ukrayna “döyüş meydanında” Rusiya Federasiyasına qalib gələ bilməz. Eyni zamanda o, rəsmi Budapeştin Avropa Birliyinin ukraynalılara yardım yanaşmasından kənara çıxdığını təsdiqləyib.

Bundan əlavə, Macarıstan yenidən Ukrayna məsələsində spekulyasiya edir. Bu dəfə Budapeşt Ukraynanın NATO-dakı işini əngəlləyir.

Turan İSMAYIL