Ərdoğanın andiçmə mərasimi oldu - İlham Əliyev tədbirdə iştirak edir - VİDEO

 20:23 03.06.2023     1262

İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamladılar.

Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirildi.

Rəcəb Tayyib Ərdoğan çıxış edərək, yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirdi. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd etdi. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirərək dedi: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”.

Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğuladı.

Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirdi.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, dualar edildi.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib.

***

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

Redaktor.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.

Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.

2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.

Qeyd edilib ki, mərasimə 21 dövlət başçısı qatılıb:

Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Ali Bonqo Ondimba, Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo, Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa, Monteneqro Prezidenti Yakov Mİlatoviç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Konqo Prezidenti Denis Sassou Nqesso, Kosovo Prezidenti Vyosa Osmani, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ruanda Prezidenti Paul Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Toqo Prezidenti Faure Essozimna Qnassinqbe, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu, Qvineya Prezidenti Mamadi Dumbuya.

Həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan baş naziri Nikol Paşinyan və Liviya Baş naziri  Əbdülhəmid Dibeybenin də aralarında olduğu 13 ölkənin baş nazirləri andiçmə mərasimində qonaq qismində iştirak edəcəklər.

Mərasimə eyni zamanda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, NATO Baş katibi Yens Stoltenberq, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha da daxil olmaqla 8 beynəlxalq təşkilatın nümayəndələri qatılacaq.

Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Çini Milli Xalq Konqresi daimi Komitəsinin sədr müavini Dinq Zonqli təmsil edəcək, daha 12 ölkə parlament sədri səviyyəsində mərasimində təmsil olunacaq.

***

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.

Redaktor.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da keçiriləcək.

Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.

Daha sonra Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilib.

Mayın 28-də keçirilən seçkilərin ikinci turunun nəticələrə əsasən “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Qeyd edək ki, R. T. Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin baş naziri vəzifəsini icra edib. R. T. Ərdoğan 11 il bu vəzifədə olub. 2014-cü ildə keçirilən prezident seçkilərində qalib gələn Ərdoğan 4 il sonra, 2018-ci ildə yenidən dövlət başçısı seçilib.