Ağ Evin keçmiş həkimi Baydenə çəliklə gəzməyi məsləhət gördü

 11:27 03.06.2023     406

Ağ Evin keçmiş həkimi Conatan Rayner ABŞ Prezidenti Co Baydenə növbəti dəfə yıxıldıqdan sonra çəlikdən istifadə etməyi məsləhət görüb.

Redaktor.az xəbər verir ki, o, bu barədə bu gün CNN telekanalına bildirib.

Həkimin sözlərinə görə, kənardan Amerika dövlətinin başçısının vəziyyəti pis görünür.

“Prezidentə çox diqqətli olmağı məsləhət görərdim, qeyri-sabit səthdə çəlikdən istifadə etmək pis fikir deyil. O, kənardan necə görünəcəyini bəyənməyə bilər, amma yıxılması daha da pis görünür”- deyə Rayner qeyd edib.

O, Baydenin əvvəl yıxıldığı vaxtları xatırladıb və əlavə edib ki, C.Baydenin sərt və qarışıq yerişinə çox güman ki, artrit səbəb olub, bu səbəbdən büdrəyib. Tarazlığı saxlamaq onun üçün çətindir.

Xatırladaq ki, iyunun 1-də Bayden ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında məzuniyyət mərasimi zamanı səhnəyə yıxılıb. Dövlət başçısı məzunlardan birinə diplom təqdim edirdi və onunla əl sıxıb uzaqlaşan kimi bir az səndələyərək diz çöküb. Amerika liderinin ayağa qalxmasına onun mühafizəçiləri kömək ediblər.

Elə həmin gün buraxılış mərasimindən sonra Bayden daha bir problem yaşayıb. Helikopterlə Ağ Evə gələndə kabinədən çıxarkən başını qapıya vurub.

Daha sonra, iyunun 2-də Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ prezidentinin yıxıldığı üçün tibbi müayinəyə ehtiyacı yoxdur və özünü yaxşı hiss edir.

Eyni zamanda, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd və Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli Baydenin ikinci prezidentlik müddətini başa vura biləcəyinə şübhə ilə yanaşıb.

Amerika prezidentinin yıxılması ilə bağlı oxşar hadisə fevral ayında da baş verib. O zaman Bayden Varşavadan yola düşərkən büdrəyərək təyyarənin nərdivanına yıxılıb.

Əlavə edək ki, 80 yaşlı Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir, onun səhhəti mütəmadi olaraq vətəndaşlar arasında müzakirə və narahatlıq mövzusuna çevrilir.

Arzu İSMAYIL