Gürcüstan prezidentindən Saakaşvili ilə bağlı təklif

 09:16 04.06.2023     413

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini elektron qolbağla həbsdən azad etməyi təklif edib.

Redaktor.az xəbər verir ki, S.Zurabişvili bu barədə "France 24" telekanalına verdiyi müsahibədə deyib.

“Hesab edirəm ki, ona yaxşı münasibət göstərilməlidir, çünki dünyada həbsə məhkum edilmiş bir çox başqa prezidentlərlə məhz belə rəftar edilir. Bizim bildiyimiz elektron qolbaqlar var, həmçinin Avropa İttifaqına daxil olmağa namizəd ölkə üçün daha uyğun cəza vermək formaları var”, - deyə qadın siyasətçi vurğulayıb.

Gürcüstan prezidentinin Saakaşvilinin səhhətini nəzərə alaraq onu əfv etmək niyyətində olub-olmaması ilə bağlı suala cavab verən siyasətçi söyləyib ki, hətta bu baş versə belə ölkəyə dəymiş ziyanı kompensasiya etmək mümkün olmayacaq.

S. Zurabişvili əlavə edib ki, eks prezidentin həbsi Gürcüstanın Qərbdəki imicinə ciddi ziyan vurub.

“Bu, məni narahat edir və mən bu vəziyyəti düzəltmək üçün əlimdən gələni edirəm”, - deyə Salome Zurabişvili fikrini tamamlayıb.