Peruda etirazlara görə fövqəladə vəziyyətin müddəti uzadıldı

 09:27 05.06.2023     341

Peru rəhbərliyi respublikanın cənub bölgəsində hökumət əleyhinə etirazlar səbəbindən fövqəladə vəziyyətin müddətini uzatmaq qərarına gəlib.

Redaktor.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, Boliviya ilə sərhəddə yerləşən Puno departamentində daha 60 gün ərzində fövqəladə tədbirlər tətbiq edilir. Fövqəladə vəziyyət yanvar ayından qüvvədədir.

Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Pedro Kastillonun prezidentlikdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı hökumət əleyhinə nümayişlər başlayıb.

Etirazçılar prezident Dina Boluartenin istefasını, parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. Təzahürlər rayonlarda yolların bağlanması, hava limanlarına hücumlar və qarşıdurmalarla müşayiət olunur. Onlarla insan zorakılığın qurbanı olub, 1,6 mindən çox insan yaralanıb.

Həmidə İBRAHİMLİ