Tramp həbs OLUNACAQ?

 09:48 09.06.2023     405

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri məxfi sənədlərlə bağlı ittiham irəli sürüldükdən sonra iyunun 13-də həbs olunmayacağına əmindir.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı "CNN" telekanalında Trampın vəkili Cim Trusti məlumat verib:

"Donald Tramp qaçmaq fikrində deyil, cəmiyyət üçün təhlükə yaratmır. Deməli, nə həbs, nə order, nə də belə cəfəngiyyatlar olmayacaq. Amma biz lazım olan yollardan - bürokratik prosedurlardan keçməliyik”.

"Dinləmələr kifayət qədər adi prosedur olacaq. Biz Ədliyyə Nazirliyinin nümayəndələri ilə bəzi məsələləri müzakirə etməliyik. Ümid edirəm ki, onlar girov şərtləri və işin vaxtı ilə bağlı məsələdə bir az da olsa tədbirli olacaqlar",- vəkil əlavə edib.

Trusti bildirib ki, Tramp iyunun 13-də keçiriləcək məhkəmə iclasında şəxsən iştirak edəcək:

“Bəli, o, orada olacaq, çünki mübarizədən çəkinmir, sadəcə olaraq, ölkəmizin və ABŞ Ədliyyə Departamentinin hansı vəziyyətə düşdüyünə görə üzülür. Siz onun Şotlandiyada gizləndiyini görməyəcəksiniz...", - Trusti qeyd edib.

Xatırladaq ki, Trampın sənədlərlə düzgün işləməmək, ədalət mühakiməsinə mane olmaq üçün sui-qəsd yaratmaq və bilərəkdən yalan məlumat verməkdə ittiham ediləcəyi gözlənilir.

CNN-in xəbər verdiyi etdiyi kimi, o, ABŞ tarixində federal prokurorluq tərəfindən ittiham olunan ölkənin ilk keçmiş prezidenti olacaq. Trampın malikanəsində məxfi sənədlərin tapıldığı axtarış orderində qeyd edildiyi kimi, axtarışın aparıldığı ABŞ qanunlarının müddəaları cərimə, ictimai saxlanma qadağası və ya müvafiq olaraq 3, 10 və ya 20 ilədək müddətə azadlıqdan məhrum etmə kimi cəzaları nəzərdə tutur.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosu  8 avqust 2022-ci il tarixdə Trampın Mar-a-Laqo mülkünə basqın edib. Axtarış qərarı verilən kəşfiyyat agentinin ifadəsində eks-prezidentin may ayında könüllü olaraq ABŞ Milli Arxivinə qaytardığı sənədlərdə məxfi məlumatların olduğu qeyd edilib. Tramp iddia edir ki, onun tərəfindən heç bir pozuntu ola bilməz, çünki o, dövlət başçısı kimi əlində olan bütün sənədlərin məxfiliyini çıxarmaq səlahiyyətinə malik idi. Lakin mandat nüvə sahəsinə aid materiallara şamil edilməyib. The Washington Post qəzetinin yazdığına görə, bu sənədlər Mar-a-Laqoda tapılıb.

Tunar Altunbay