Putin Belarusda nüvə silahının yerləşdiriləcəyi tarixi AÇIQLADI

 16:29 09.06.2023     433

“Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi iyulun 7-8-də onlar üçün hazırlanan qurğular başa çatdıqdan dərhal sonra başlanacaq.

Redaktor.az TASS-a istinadla  xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Sizinlə razılaşdığımız ən həssas məsələlərdə hər şey plan üzrə gedir. Bilirsiniz, iyulun 7-8-də müvafiq obyektlərin hazırlığı başa çatacaq. Və biz dərhal raket yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq. Sizin ərazinizdə müvafiq silah növləri yerləşdiriləcək. Hər şey planlıdır, hər şey sabitdir”, - Rusiya dövlətinin başçısı bildirib.

Putin əlavə edib ki, bu gün o, Lukaşenko ilə təhlükəsizlik məsələləri ilə bağlı “üz-üzə” danışacaq.

"Ümumiyyətlə, vəziyyət sabitdir, hətta deyərdim ki, yaxşıdır. Biz bu sahədə inamla qarşılıqlı fəaliyyət göstəririk", - o deyib.

Söhbət qeyri-rəsmi şəraitdə,Rusiya liderinin Soçidəki “Boçarov Ruçey” dövlət iqamətgahındakı eyvanda nahar zamanı baş tutub.

Xatırladaq ki, martın 25-də Putin bəyan edib ki, Rusiya Belarusun tələbi ilə ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını (TNW) bu respublikada yerləşdirəcək.

Rusiya dövlət başçısının sözlərinə görə, iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdırmaq planlaşdırılır.

Moskva artıq Minskə nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” raket kompleksini təhvil verib və Belarus təyyarələrinin xüsusi sursatlardan istifadə edə bilməsi üçün yenidən təchiz edilməsinə yardım edib.

Arzu İSMAYIL