Qlobal istiləşmə sürətlənir

 11:35 10.06.2023     521

İstixana qazlarının tarixən rekord səviyyələri hər on ildə qlobal istiləşməni 0,2 dərəcə selsi sürətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Earth System Science Data” elmi jurnalında dərc edilən araşdırmada qeyd olunub .

Bildirilir ki, 2013-2022-ci illər ərzində insanların yaratdığı istiləşmə həyəcan verici sürətlə çoxalıb. Cəmi 10 il ərzində planet 0,2 dərəcə istiləşib. Elm adamları bu artımı istixana qazları emissiyalarının birləşməsi ilə əlaqələndirirlər.

Bütün beynəlxalq ekoloji müqavilələrdə standart kimi qəbul edilən sənayedən əvvəlki səviyyədən (XIX əsrdə) Yer səthində temperatur 1,26 dərəcə artıb.

Əsas beynəlxalq iqlim müqaviləsi (2015-ci il Paris sazişi)  2100-cü ilə qədər orta temperatur artımlarını "2 dərəcədən xeyli aşağı" saxlamaq və "temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq" məqsədi daşıyır.

Əks halda, sənədə əsasən, təbii fəlakətlərlə bağlı risklər xeyli artacaq.

Jurnalda dərc edilən tədqiqat Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və İtaliya da daxil olmaqla dünyanın 40-dan çox ekoloqu tərəfindən aparılıb.

Xatırladaq ki, bundan əvvəl, klimatoloq Aleksey Kokorin qlobal temperaturun 2025 və ya 2026-cı illərdə rekord həddə çata biləcəyini deyib.

Kokorin aydınlaşdırıb ki, planetdə güclü vulkan püskürməsi baş verərsə, rekord dərəcədə isti temperaturlar baş verməyə bilər. Stratosferə daxil olan külün anti-istixana effektinə və qlobal soyutmaya səbəb olacağını da əlavə edib.

Arzu İSMAYIL