ABŞ gizlicə Avropada 150-yə yaxın nüvə başlığı yerləşdirib

 21:13 12.06.2023     441

ABŞ-ın Almaniya, İtaliya, Hollandiya, Belçika və Türkiyədəki hərbi hava bazalarında heç bir rəsmi açıqlama olmadan 150-yə yaxın nüvə bombası yerləşdirilib.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre deyib.

"Beləliklə, Amerika nüvə silahlarının Avropada yerləşdirilməsi ilə bağlı heç bir ictimai təsdiq və ya təkzib olmasa da, biz bilirik ki, nüvə silahı Avropanın beş ölkəsində yerləşdirilir: Almaniya, Belçika, Hollandiya, İtaliya və Türkiyədə. Müstəqil ekspertlərin fikrincə, ABŞ-ın bu ölkələrdəki hava bazalarında 150-yə yaxın döyüş başlığı yerləşdirilib”,- o, brifinqdə bildirib.

Sanders-Zakre əlavə edib ki, ICAN Avropanın istənilən ölkəsində nüvə silahının yerləşdirilməsi ilə bağlı çox narahatdır.

Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) 2007-ci ildə təsis edilmiş beynəlxalq ictimai təşkilatdır. Onun məqsədi Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi qəbul edilməsini və həyata keçirilməsini təşviq etməkdir.

Təşkilat 2017-ci ildə Nobel Sülh Mükafatını alıb.

Tunar Altunbay