Mali BMT missiyasının ölkədən çıxarılmasını tələb etdi

 22:07 16.06.2023     339

Mali hökuməti Birləşmiş Millətlər Təşkilatından Malidəki Stabilləşdirmə Təşkilatı Missiyasını (MINUSMA) ölkədən geri çəkməsini tələb edib.

Redaktor.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iclasında Malinin xarici işlər naziri Abdoulaye Diop bildirib. 

O xatırladıb ki, missiyanın mandatı iyunun 30-da başa çatır.

"Malidəki təhlükəsizlik vəziyyətinin öhdəsindən layiqincə gələ bilməyən MINUSMA-nın on illik mövcudluğu ilə bağlı obyektiv nəticələr çıxarmaqdan başqa seçimimiz yoxdur. Mali hökuməti MINUSMA-nın təxirə salınmadan geri çəkilməsini tələb edir", - Diop deyib və hökumətin bu istiqamətdə BMT ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Əsası Malidə olan MINUSMA BMT Təhlükəsizlik Şurasının 25 aprel 2013-cü il tarixli qətnaməsi ilə yaradılıb.

O, mülki şəxslərin müdafiəsi, insan hüquqlarına hörmət edilməsi və humanitar yardımın göstərilməsi üçün şəraitin yaradılmasına cavabdehdir.

Bundan əvvəl Mali hakimiyyətinin missiyanın insan hüquqları departamentinin rəhbərini ölkədən qovduğu bildirilirdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirib ki, Rusiyaya qarşı Maliyə muzdlu əsgərlər göndərməkdə ittihamlar əsassızdır.

Mali xarici işlər naziri Abdoulaye Diop da bildirib ki, Rusiya Federasiyasından olan özəl mühafizə şirkətlərinin Malidəki işi ilə bağlı KİV-də Rusiya əleyhinə aparılan kampaniya iki ölkə arasında əməkdaşlığı pozmağa yönəlib.

Tunar Altunbay