Saakaşvili həbsxanaya qayıdacaq

 12:35 17.06.2023     423

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti yaxşılaşıb.

Redaktor.az “Sputnik-Georgia”ya istinadla xəbər verir ki, bu barədə keçmiş rəhbərin 2022-ci ilin mayından qaldığı “Vivamedi” klinikasının direktoru Zurab Çxaidze bildirib.

“Mixail Saakaşvilinin səhhəti stabildir. Çox şadıq ki, bizə qarşı çoxsaylı haqsız tənqidlərə və hücumlara baxmayaraq səylərimizin nəticəsi üzdədir. Bu günlərdə onun vəziyyətinin yaxşılaşdığını, xeyli aktiv olduğunu, əhvalının daha yaxşı olduğunu görürük”, - Çxaidze deyib.

Daha əvvəl Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərə eks-prezidentin səhhəti barədə həkimlərin rəyindən sonra klinikadan həbsxanaya qayıtması barədə məlumat verib.

Saakaşvilinin ailəsinin tutuduğu amerikalı həkimlər  klinikada müayinə etdikdən sonra onda bir çox xəstəlik, o cümlədən ağır metal zəhərlənməsi aşkar ediblər. Gürcü həkimlər Saakaşvilinin arıqlamasına yaxşı qidalanmaqdan və lazımi dərmanları qəbul etməkdən boyun qaçırması səbəb olduğunu iddia edərək diaqnozları təsdiqləməyiblər.

Dünən Saakaşvili sosial şəbəkədə yazıb ki, səhhətindən asılı olmayaraq Ukrayna ilə paralel olaraq Gürcüstan siyasətində çox fəal iştirak etmək niyyətindədir.

O, həmçinin bütün məhkəmə iclaslarında iştirak etmək arzusunda olduğunu da qeyd edib.

Xatırlaqdaq ki, iyunun 15-də Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkə hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı sorğu almayıb .

O əlavə edib ki, onu əfv etməkdən başqa alternativ yollardan, məsələn, elektron bilərzikdən istifadə etmək olar.

Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə Gürcüstana gəlib, sonra həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Həmçinin Saakaşvili 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması və “İmedi” teleşirkətinin talanına görə təqsirləndirilir.

2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb.

2023-cü ilin fevralında Tbilisi Şəhər Məhkəməsi keçmiş prezidentin vəkillərinin səhhəti ilə bağlı onun azadlığa buraxılması ilə bağlı vəsatətini rədd edib.

Ukrayna hakimiyyəti dəfələrlə Gürcüstan rəhbərliyinə Saakaşvilinin Ukrayna vətəndaşı olduğu üçün onun azad edilməsi barədə müraciət etsə də, ekstradisiyasına nail ola bilməyib.

Arzu İSMAYIL