Üç oğlunu sıraya düzərək güllələyən ata məhkəmə qarşısına çıxarıldı

 23:03 17.06.2023     580

ABŞ-ın Ohayo ştatında bir kişi üç azyaşlı oğlunun güllələnməsindən sonra qətldə ittiham olunub.

Redaktor.az "nbcnews"a istinadla xəbər verir ki, prokuror iyunun 16-sı məhkəmə iclasında deyib ki, 32 yaşlı Çad Doerman 3, 4 və 7 yaşlı üç oğlunu sıraya düzüb və onları tüfənglə edam edib.

Məhkəmədə bildirilib ki, hadisə baş verən gün üç qardaş evin həyətində güllələnmiş və reaksiya vermədən tapılıb.

Həkimlər xilasedici tədbirlər görsələr də, uşaqlar hadisə yerində keçiniblər. Oğlanların bacısı isə qaçmağı bacarıb.

Həmçinin öldürülən uşaqların 34 yaşlı anası əlindən güllə yarası alıb. O, evdən kənarda tapılıb və həyati təhlükəsi olmayan xəsarət üçün Cincinnati Universitet Xəstəxanasına aparılıb. Ana oğullarının ölüm xəbərini xəstəxanada öyrənib.

Məhkəmədə prokuror bildirib ki, Doerman hadisəni əvvəldən planlaşdırıbmış: "Sizin qarşınızda duran ata, sadəcə olaraq anlaşılmaz bir qəddarlıqla üç gənc oğlunu sıraya düzdü və onları öz evində tüfənglə edam etdi. Oğlanların anası uşaqları qorumaq üçün bir anda silahı tutdu. Oğlanlardan birinin evin yaxınlığındakı tarlaya qaça bildiyini bilirik və yenə də etirafından məlum olur ki, ata həmin uşağı ovlayıb, onu mülkə qaytarıb və şahidlərin gözü qarşısında edam edib".

Məhkəmə sənədlərində də Doermanın bir neçə ay ərzində qurbanların ölümlərini planlaşdırdığını və həyata keçirdiyini etiraf etdiyi qeyd olunub.

Məhkəmənin hazırlıq iclası iyunun 26-na təyin edilib. Onun vəkilinin olub-olmadığı hələlik məlum deyil.

Turan İSMAYIL