Putinlə bağlı ŞOK SİYAHI
Ukraynadakı müharibədə Rusiyanın hər yerində fəaliyyət göstərən ən azı 10 mütəşəkkil cinayətkar qrupdan nüfuzlu şəxslər öldürülüb.
Redaktor.az xəbər verir ki, döyüşə gedən və həlak olan kriminal klanların nümayəndələrinin bəzilərinin adları məlum olub. Həmin siyahı Putinin işğalçı savaşına mafiyanın nə qədər dəstək verdiyini göstərir.
Məsələn, bunlardan biri Krasnodar diyarında, Baş Prokurorluqla əlaqələri olduğu deyilən “Tsapkov” dəstəsidir. Tatarıstan mənşəli “trassçılar” adlanan məşhur qrup da müharibədə iki nüfuzlu quldurla təmsil olunub. Bu adamlar vaxtilə polis geyimində yük maşınlarını saxlayıb, sürücüləri qarət edib və öldürüblər. 25 il cəza alan Aleksandr Enaleyev müharibəyə getdiyinə görə azad edilib. Lakin Ukrayna silahlı qüvvələri Baxmut yaxınlığında onun qatil “karyera”sını davam etdirməsinə mane olub.
Təkcə Priqojin yox, Şoyqunun tabeliyində olanlar da keçmiş quldurları savaşa cəlb etməkdə böyük həvəs göstərirlər. Məsələn, 71-ci Mühafizə Alayının komandir müavini həmin seçimini bu sözlərlə izah edib: “Onların mentaliteti səfərbər olanlardan daha hərbiləşib, gözlərində qatil dumanı var və onlarla işləmək daha rahatdır”.
Məlumata görə, “Vaqner” sıralarına dustaqların cəlb olunmasında kriminal avtoritetlərin böyük rolu olub. “Həbsxanalarda “taclı” oğrulardan bəziləri tərəfindən cəbhəyə qatılmaqla bağlı “proqon”lar (proqon - qanuni oğruların bütün məhbuslara müraciətini ifadə edən kriminal jarqondur - red.) səslənib”, - deyə “Oturan Rusiya” fondunun rəhbəri Olqa Romanova bildirib.
Xüsusilə Ruisyada ən nüfuzlu “qanuni oğru” sayılan “Şakro Molodoy”un (Zaxariy Kalaşov - red.) “Yeni il proqonu”ndan sonra cəbhəyə getməklə bağlı münasibət dəyişib. “Şakro Molodoy” müraciətində məhkumları “Vaqner”ə qoşulmağa çağırıb. Bu müraciət Putinin Yeni il müraciətindən sonra bir neçə regionun həbsxanalarında yayımlanıb (ölkə.az).