Ermənistanda keçmiş nazirə yeni cinayət işi açıldı

 15:58 20.06.2023     281

Ermənistan İstintaq Komitəsi əvvəlcədən razılaşdırılmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət işi açıb. Bu işdə Ermənistan Respublika Partiyasının üzvləri – keçmiş təhsil naziri, partiyanın sədr müavini Armen Aşotyan, Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri Arman Saakyan və keçmiş deputat Karen Avakyan iştirak edirlər.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

İşin materiallarına görə, sadalanan şəxslər müqavilə bağlayaraq 2015-ci ildə Saakyanın köməkçisi, Aşotyanın sürücüsünün həyat yoldaşı və Avakyanın həyat yoldaşının adına qeydiyyatda olan “Kids Care” şirkətini yaradıblar.

Sonra sözügedən şirkət İrəvanda torpaq sahəsi və iki bina - o vaxt dövlət mülkiyyətində olan məktəb binalarını 196 milyon drama (indiki məzənnə ilə - 490 min dollar) alıb.

Müstəntiqlərin bildirdiyinə görə, Saakyan və onun köməkçisi heç bir əsas olmadan sənədlərə dəyişiklik edərək, mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim ediblər.

Daha sonra arayış almaq və əqd bağlamaq üçün daşınmaz əmlakın kadastr komitəsinə müraciət ediblər. Komitə onlara ərazinin pulunu birdəfəlik ödəməyi tapşırıb, baxmayaraq ki, ilkin planda xərclərin mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.

Ölkədəki siyasi dəyişikliklərdən sonra, 2019-cu ildə adıçəkilən şəxslər nəqliyyat və rabitə nazirinin keçmiş müavini Hrant Beqlaryana məxsus şirkətə 240 milyon dram (600 min dollar) qarşılığında bir torpaq sahəsi və iki bina satıblar.

Qeyd edək ki, bu, keçmiş təhsil naziri Armen Aşotyanın adının hallandığı ikinci haldır.

O və İrəvan Tibb Universitetinin keçmiş rektoru M. Heratsi Mikayel Nərimanyan universitetə ​​məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.

Tunar Altunbay