Yermak Netanyahunu Ukraynaya səfər etmədiyinə görə tənqid etdi

 23:59 20.06.2023     273

Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak İsrailin baş naziri Binyamin Netanyahunu indiyədək Ukraynaya səfər etmədiyinə görə tənqid edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, İsrailin “Kan” dövlət televiziya və radio şirkətinə müsahibəsində o, həmçinin yəhudi dövlətinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı hələ də neytral mövqe tutmasından çaşdığını bildirib.

"Bizi dəstəkləmək və bizə dəstəyini ifadə etmək üçün Netanyahunun Ukraynaya səfərinin vaxtı çatıb. İsrail bizə İranın pilotsuz təyyarələrindən müdafiədə kömək edə bilər", - Yermak deyib. "İsrail bu müharibədə niyə bitərəfdir? İran Ukraynada hər gün törədilən qətllərdə ortaqdır", - o, deyib.

Eyni zamanda, ukraynalı siyasətçi qeyd edib ki, İsraillə Ukrayna arasında yaxşı münasibətlər var, lakin onun fikrincə, “təkcə rəsmilər səviyyəsində dialoq aparmaq kifayət deyil, münasibətlər inkişaf etməlidir”. Yermak onu da qeyd edib ki, özünün yəhudi kökü var, atası yəhudidir. “Ümid edirəm ki, baş nazir Netanyahu bizə dəstək olmaq üçün Ukraynaya səfər etməyə vaxt tapacaq”, - o əlavə edib.

Qeyd edək ki, İsrail hakimiyyət orqanları hazırkı vəziyyətdə Ukraynanı dəstəklədiklərini dəfələrlə bəyan ediblər, lakin indiyədək Kiyevə hərbi yardım göstərməkdən çəkinib, özlərini yalnız humanitar yardımlarla məhdudlaşdırıblar. Fevral ayında yəhudi xarici işlər naziri Eli Koen Kiyevə səfər edib. O, Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra bu ölkəyə səfər edən ilk yüksək rütbəli israilli siyasətçi olub. Kiyevdə Koeni ukraynalı həmkarı Dmitri Kuleba və prezident Volodimir Zelenski qəbul edib. Bundan sonra Netanyahunun Ukraynaya mümkün səfəri mövzusu bir neçə dəfə gündəmə gətirilsə də, məsələ hələlik konkret planlara gəlməyib.

Turan İSMAYIL