Trampın Rusiya əlaqələrini araşdıran konqresmen tənbeh edildi

 10:16 22.06.2023     504

ABŞ Konqresinin Nümayəndələr Palatası Kaliforniyadan seçilmiş demokrat konqresmen Adam Şiffi qınayan qətnamə qəbul edib. O, Konqresin aşağı palatasında ABŞ-ın keçmiş lideri Donald Trampı və onun Rusiya ilə iddia edilən əlaqələrini araşdıran kəşfiyyat komitəsinə rəhbərlik edib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Onun sözlərinə görə, qətnamədə siyasətçinin "Amerika xalqını aldatması" ilə bağlı ittihamlar var.

Sənədin qəbulunun lehinə 213 deputat, əleyhinə 209 deputat səs verib.

Şiff ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

“The New York Times” qəzetinin yazdığına görə, etika komitəsi konqresmenin hərəkətləri ilə bağlı araşdırmaya başlayacaq. Qəzet onu da qeyd edib ki, aşağı palata öz tarixində cəmi 24 dəfə Konqres üzvlərini qınayıb. Şiffdən təxminən 40 il əvvəl Nümayəndələr Palatasının yalnız iki üzvü bu şəkildə tənbeh edilib.

Qeyd edək ki, 2019-cu ilin fevralında Şiff eks-prezident Trampla Moskva arasında mümkün maliyyə əməliyyatları ilə bağlı təhqiqata başlandığını elan edib.

Siyasətçi həmçinin 2020-ci ildə Senatda Donald Trampın impiçmenti üzrə məhkəmə prosesində aşağı palatanı təmsil etmək səlahiyyətinə malik yeddi prokurordan biri təyin edilib.

Lakin, Senat eks-prezidentə bəraət verib.

Tunar Altunbay