Almaniyada fırtına dağıntılara səbəb oldu - FOTO

 23:48 23.06.2023     356

Almaniyada dünəndən bəri davam edən fırtına bir çox əyalətində dağıntılara səbəb olub.

Redaktor.az xəbər verir ki, ölkənin Hessen əyalətinin Nəqliyyat Nazirliyindən “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, fırtına ağacların aşmasına səbəb olub.

Bundan başqa, yağan güclü yağışlar nəticəsində yaranan sel suları mərkəzi küçələrə dolub və nəqliyyatın hərəkətini iflic edib.

Qatar reyslərində gecikmələr olub, bəzi regional səfərlər təxirə salınıb.

Nazirlikdən bildirilib ki, şiddətli fırtına səbəbi ilə, əyalətin bütün güc strukturları, yanğınsöndürənlər, təcili yardım briqadaları gücləndirilmiş iş rejimində çalışırlar.

“Ancaq bütün bunlara baxmayaraq, hələ də bəzi yolları təmizləmək və nəqliyyatın hərəkətinə açmaq mümkün olmayıb. Güclü yağışın davam etməsi dəmiryollarının təmizlənməsi işini ləngidir. Mərkəzi küçələrdə üzərinə ağac aşan avtomobillərin ərazidən çıxarılması işi sürətlə davam edir”, - qurumdan qeyd olunub.

Fırtına hava limanlarının fəaliyyətində də problem yaradıb. Ölkə üzrə 100-dən çox səfər təxirə salınıb. Sərnişinlər havalimanlarında gecələmək məcburiyyətidə qalıblar.