Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması üçün heç bir maneə yoxdur - Nazir

 23:53 23.06.2023     415

Macarıstan hökuməti hesab edir ki, Gürcüstan payızda Avropa İttifaqına (Aİ) namizəd statusu almalıdır, çünki o, birlik yolunda böyük irəliləyiş əldə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə telefon danışığından sonra bildirib.

Onlar Gürcüstanın Aİ-yə qoşulma şərtlərini yerinə yetirməsi ilə bağlı Avropa Komissiyasının bu həftə təqdim etdiyi aralıq hesabatı nəzərdən keçiriblər. "Bizə aydındır ki, Gürcüstan əhəmiyyətli irəliləyiş əldə edib, ona görə də biz bu ölkənin payızda namizəd statusu alması üçün heç bir maneə görmürük", - Macarıstanın xarici işlər naziri feysbukda yazıb.

Szijarto qeyd edib ki, son vaxtlar Qərbi Balkanların Avropaya inteqrasiyası zərurəti fəal şəkildə müzakirə olunur, lakin Macarıstan unutmur ki, "onun Aİ-yə qəbulunu gözləyən başqa dostları da var". "Onların arasında Brüsseldə xüsusilə ədalətsiz rəftara məruz qalan Gürcüstan da var”, - deyən nazir bir il əvvəl Aİ sammitinin iştirakçılarının konsensusla Ukrayna və Moldovaya namizəd statusunun verilməsi barədə qərar qəbul etdiklərini, lakin Gürcüstana bunu inkar etdiklərini xatırladıb. 

Bununla bağlı XİN başçısı ümid etdiyini bildirib ki, gələcəkdə nə Avropa Komissiyası, nə də Aİ ölkələri Gürcüstanın Avropa İttifaqına daxil olmaq üzrə fəaliyyətini qiymətləndirərkən ona ikili standartlar tətbiq etməyəcəklər.

Turan İSMAYIL