Rus qoşunları Putinin aşpazının düşərgəsini bombaladı - Şoyqunun qisası, yoxsa təsadüf...

 01:13 24.06.2023     923

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya qoşunlarının onların mövqelərini bombaladığını bəyan edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Priqojin özü bildirib ki, muzdluları Rusiya Müdafiə Nazirliyi tərəfindən vurulub, ona görə də qisas almağa hazırlaşır.

"Biz Müdafiə Nazirliyinə (Rusiya - red.) güzəştə getməyə, silahlarımızı təhvil verməyə və bundan sonra da ölkəmizi necə müdafiə edəcəyimizə dair həll yolu tapmağa hazır idik. Amma bu pisliklər sakitləşmədi. Bu gün onlar bizi vurdular, arxa düşərgələrimizə raket zərbələri endirdilər. Bir çox döyüşçülərimiz, silahdaşlarımız öldü. Bu cinayətə necə cavab verəcəyimizi biz qərar verəcəyik. Növbəti addım bizimdir", - deyə Vladimir Putinin aşpazı bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "vaqner"çilərin mövqelərinə hücumda hər hansı əli olduğunu rəsmən təkzib edib. Priqojinin resurslarında yayılan görüntülər, nazirliyin rəsmi açıqlamasına görə, “reallığa uyğun gəlmir”.

Xatırladaq ki, Priqojin uzun müddətdir ki, müdafiə naziri Sergey Şoyqu ilə açıq şəkildə mübahisə edir. Analitiklər əmindirlər ki, "Vaqner"in liderinin əsas motivi Rusiyada hakimiyyət uğrunda mübarizədir. 

Şoyqunun bütün könüllü işğal birləşmələrinə Rusiya Müdafiə Nazirliyi ilə “müqavilələr” bağlamağı əmr etməsi, Priqojinin bunu nə Rusiya Müdafiə Nazirliyi, nə də Baş Qərargah tərəfindən idarə olunmayan “özəl ordusuna” hücum kimi qiymətləndirəndə münaqişə kəskinləşdi.

Priqojin bu yaxınlarda verdiyi müsahibədə deyib ki, Şoyqunun marşal rütbəsi və ikinci Qəhrəman Ulduzu alması üçün Ukraynada müharibə lazım idi. Və bu gün, iyunun 23-də Priqojin Şoyqunu və RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu “rus xalqının soyqırımı”nda ittiham edib.

Daha əvvəl "Vaqner" rəhbəri videomüraciətində Sergey Şoyqu və Valeri Gerasimovun ünvanına söyüş söymüşdü.

Turan İSMAYIL