ABŞ-dan Rusiyada baş verən hərbi üsyana REAKSİYA

 09:45 24.06.2023     417

Ağ Ev “Vaqner" muzdlu qrupunun lideri Yevgeni Priqojinin Rusiya hərbi rəhbərliyinə, o cümlədən müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı hədələrindən sonra Rusiyada vəziyyəti izləyir.

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc deyib.

"Biz vəziyyəti izləyirik və bu hadisələrlə bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşmələr aparacağıq”.

CNN-in məlumatına görə, ABŞ rəsmiləri Priqojinin son şərhlərinə onun adi ritorikasından daha çox baxırlar. Nəşr qeyd edir ki, Priqojinin Rusiya Müdafiə Nazirliyinin səriştəsizliyi ilə bağlı əvvəlki bəzi bəyanatlarından fərqli olaraq, bu şərhlər Ukrayna Silahlı Qüvvələrinin taktiki uğurlarına uyğun gəlmir.

"Bu, həqiqətən də baş verir" - ABŞ rəsmisi deyib. Priqojinin Rusiya vətəndaşlarının evlərində qalması ilə bağlı çağırışlarından sonra ABŞ-ın necə və nəyi nəzərdə tutduğuna dair hər hansı gözləntilərinin olub-olmadığı hələlik bəlli deyil.

Bayden administrasiyasının iki rəsmisi, Ağ Evdəki milli təhlükəsizlik rəsmilərinin baş verənlərlə bağlı daha dəqiq bir təsəvvürə malik olana qədər işə qarışmamaq üçün diqqətli olduqlarını söyləyib.

Xatırladaq ki, "Vaqner" rəhbəri Yevgeni Priqojin dəfələrlə Rusiya Federasiyasının ali hərbi rəhbərliyini, ilk növbədə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu tənqid edib. Baxmut uğrunda döyüş zamanı o, RF Müdafiə Nazirliyini hücum üçün sursat verməməkdə ittiham edib.

İyunun 23-də isə "Vaqner" rəhbəri bəyan edib ki, Şoyqunun əmri ilə "vaqnerçilər"in düşəgəsi arxadan bombalanıb və əsgərləri həlak olub.

"Rusiya Müdafiə Nazirliyinin bu zibilləri sakitləşməyib. Bu gün bizim qırılmadığımızı görüb arxa düşərgələrimizə zərbələr, raket zərbələri endirdilər. Çoxlu sayda əsgərimiz, döyüş yoldaşlarımız, öldü. Bu vəhşiliyə necə cavab verəcəyimizə biz qərar verəcəyik. Növbəti addım bizimdir”, - deyə Priqojin həmçinin bildirib ki, Şoyqu Rostova qəsdən “Vaqnerçilər”i məhv etmək əməliyyatı keçirmək üçün gəlib və “qaranlıqda" topçulardan və helikopter pilotlarından istifadə edib.

Priqojin deyib ki, o, şəxsi hərbi kampaniyasının 25 min döyüşçüsü ilə birlikdə "ölkədə xaosun niyə baş verdiyini anlamaq üçün" gedir və "ölkə hərbi rəhbərliyinin apardığı şərliyə son qoyacağını" vəd edir. O, “satqınlar və cinayətkarlar məsələsini həll edəcəyini” vəd etdiyi bir neçə səsli mesaj yazıb ki, bu da “Şoyqunun Qızıl Meydanda asılacağına və Leninlə birlikdə Mavzoleydə yatacağına” gətirib çıxaracaq.

Bu sözləri şərh edən Rusiya Müdafiə Nazirliyi Priqojinin versiyasını informasiya təxribatı adlandırıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) isə "Vaqner" rəhbərini “Rusiya ərazisində silahlı vətəndaş qarşıdurmasının başlamasına” çağırışda ittiham edib, ona cinayət işi açıb. FTX Rusiya təhlükəsizlik qüvvələrinə onların istiqamətində istənilən təcavüz cəhdinə atəş açmaq əmri verib.

Bütün bunlara baxmayaraq "Vaqnerçilər" Rostov şəhərinə irəliləyərək şəhəri ələ keçiriblər.

Turan İSMAYIL