Tokayev Rusiyadakı vəziyyətə görə Təhlükəsizlik Şurasını topladı

 10:22 25.06.2023     531

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyadakı vəziyyətlə əlaqədar respublikanın Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı tədbir zamanı baş nazirin, baş prokurorun, Milli Təhlükəsizlik Komitəsinin sədrinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin Rusiya Federasiyasında yaranmış vəziyyətlə bağlı tapşırıqların icrası ilə bağlı tədbirlərə dair məruzələrini dinləyib"- məlumatda deyilir.

Açıqlamada bildirilir ki, Rusiyada baş verənlərin onun daxili işi olmasına baxmayaraq, Qazaxıstan xalqı respublikanın dünyada ən uzun sərhədə malik olduğu dost ölkədəki vəziyyəti narahatlıqla qarşılayıb. "Prezident qeyd edib ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır", - mətndə deyilir.

Tokayev hökumətə böhran zamanı yarana biləcək təhdidlərə cavab verməyə hazırlaşmağı tapşırıb.

"Görüş zamanı ölkədə maliyyə-iqtisadi sabitliyin, eləcə də Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi qeyd edilib. Prezident bütün idarələrin rəhbərlərinə böhran vəziyyətlərinin mümkün təhlükələrinə cavab verməyə hazır olmağı tapşırıb" - məlumatda bildirilir.

Turan İSMAYIL