"Müharibə zamanı bəzi silahlardan istifadə hüququ Ermənistana aid deyildi" - Paşinyandan ETİRAF

 11:58 27.06.2023     801

Müharibə zamanı bir sıra silahların istifadə hüququ tam olaraq Ermənistana aid deyildi.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.

Baş nazir bu gün keçirilən iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini vəd edib. Bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala Paşinyan cavab verib ki, görüşün qapalı hissəsində detallara toxunacaq.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan müharibənin son günlərində “İsgəndər-M” sistemlərindən istifadə olunduğunu bəyan edib.

Ölkənin üçüncü Prezidenti Serj Sarkisyan isə bu ilin fevral ayında müsahibəsində deyib ki, Şuşa şəhəri istiqamətində raket komplekslərindən atəş açılıb.

Bu məsələyə dair fikir bildirən Nikol Paşinyan isə öz növbəsində bildirmişdi ki, istifadə olunan raketlərin 10 faizi partlamışdı. Bu, ciddi müzakirələrə, mübahisələrə səbəb oldu.

Rusiya Müdafiə Nazirliyi də öz növbəsində bəyanat yaydı ki, “İskəndər-M” raket sistemlərindən 44 günlük müharibə zamanı istifadə olunmayıb.