Ən çox məhbusu olan ölkələr - SİYAHI

 00:00 29.06.2023     524

Avropada həbsxanalardakı məhbusların sayında artım müşahidə olunub.

Redaktor.az xəbər verir ki, Türkiyə siyahıda təxminən 304 min məhbusla "ən sıx həbsxanaya malik ölkə" olub. Türkiyə həm də əhaliyə nisbətdə ən yüksək “həbs faizi” (yüz min nəfərə 355 nəfər) olan ölkə kimi müəyyən edilib .

Təxminən 1 milyon insanın olduğu Avropa həbsxanalarında 2022-ci ildə məhbusların sayı 2,3 faiz artıb.

Hər il siyahının başında olan və Avropanın ümumi məhbus əhalisinin üçdə birini təşkil edən Rusiyanın Avropa Şurasından çıxması siyahıda dəyişikliklərə səbəb olub.

303 945 məhbusla birinci olan Türkiyəni 79 092 məhbusla İngiltərə izləyib. Polşa 71 874 məhbusla üçüncü, Fransa 69 964 məhbusla dördüncü və Almaniya 56 294 məhbusla beşinci yerdə qərarlaşıb.

Avropa həbsxanalarında məhbusların orta yaşı 38-dir.

Bu sorğuya görə, ən aşağı orta yaş Bolqarıstan həbsxanalarında 31, Danimarkada 34 və Fransada 35 olaraq qeydə alınıb.

Ən yüksək orta məhbus yaşı Gürcüstanda 44, İtaliya 42, Portuqaliya 41, Estoniya və İspaniya 40 olaraq müəyyən edilib.

Statistika göstərir ki, bütün məhbusların təxminən 16,5 faizi 50 yaşdan yuxarı, 65 və daha yuxarı yaşda olan məhkumların nisbəti isə 3 faizdir.

Statistikaya görə, qadın məhbusların nisbəti bütün məhbusların cəmi 5 faizini təşkil edir.